İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Baş katib.
İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısının təşkilinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.
Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.
Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq.
Biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.
Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.
COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib.
“Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.
Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq.
Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu.
Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi.
44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.