İyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannaməni imzalayan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu "tarixi sənəd" və "yeni dövrdəki yol xəritəsi" adlandırıblar.
Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət məsələləri yer alıb. Sənədə görə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcək. Yeri gəlmişkən, iki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəf götürülüb.
Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən "Zəngəzur dəhlizi"nin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi məsələlər də yer alır.
"Prezidentimiz bu sənədi "yeni Qars müqaviləsi" adlandırıb"
Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a deyir ki, sənəd indiyə qədər mövcud olan münasibətləri daha yüksək səviyyəyə qaldırır. Onun qənaətincə, müttəfiqlik məsələsi saziş səviyyəsində həll edilib və orda bir çox məsələlər - iqtisadi, strateji, hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik şuralarının birgə iclasları, Zəngəzur dəhlizinin açılması əks olunur: "Eyni zamanda, sənəddə vaxtilə bağlanmış Qars müqaviləsinə istinad edilir. Heç də təsadüfi deyil ki, cənab prezidentimiz bu sənədi "yeni Qars müqaviləsi" adlandırıb".
A.Mirzəzadənin fikrincə, bu sənədlə Türkiyə və Azərbaycan bir daha dostluqlarını, mütəffiqliklərini təsdiqlədilər: "Həmin sənəddə göstərilir ki, iki ölkənin ərazi bütövlüyünə hər hansı ölkə tərəfindən təhdid yaranarsa, bu iki ölkə birgə mübarizə aparacaqlar. Sənəddə həmçinin, silahlı qüvvələrin eyni standartlar üzrə yenidən qurulması əksini tapır".
"Azərbaycan əraziləri Türkiyə tərəfindən qarantiya altına alınır "
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyir ki, əvvəl iki ölkə arasında daha çox ticarət və diplomatik sahələrdə əməkdaşlıq haqqında müqavilələr var idi: "Düzdür, hərbi əməkdaşlıq barədə də müqavilə var idi, amma hər hansı bir dövlətin, xüsusilə Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazilərə müdaxilə olarsa, qarşılıqlı hərbi yardımın göstərilməsi kimi önəmli məqam dünənə qədər yox idi".
Ekspert hesab edir ki, bu, Azərbaycan üçün çox vacib məsələdir: "O qədər vacibdir ki, artıq perspektivdə Dağlıq Qarabağın müstəqilliyindən danışmaq qeyri-mümkün olacaq. Rusiya da qane olacaq ki, dörd il beş aydan sonra Qarabağdan tədricən getməlidir və Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Çünki söhbət beynəlxalq sənədlərlə təsdiq olunmuş Azərbaycan ərazilərinin Türkiyə kimi dövlət tərəfindən qarantiya altına alınmasından gedir. Sənəddə birgə hərbi təhsil, təlimlərdən tutmuş, ordunun yenidən qurulmasına qədər hər bir şey çox detallı göstərilib. Perspektivdə bu Türkiyənin Cənubi Qafqazda dominant rolunu təsdiqləmiş olacaq".