Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi kökləri var. Təəssüf ki, Azərbaycan SSRİ-nin tərkibində olan zaman xarici siyasətini özü tənzimləmədiyi üçün bu münasbətlərdə soyuqluq yaranmışdır. Lakin buna baxmayaraq Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olmuş və çətin günlərində dəstəkləmişdir. Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşmüş, Çanaqqalada Azərbaycandan gedən igidlər Anadolunun dəliqanlıları ilə birlikdə mübarizə aparıb, şəhadətə ucalmış, zəfər qazanmışdır. Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə azərbaycanlı qardaşlarının köməyinə gəlmişdir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr isə 1992-ci ildə yaradılmışdır. Bu gün isə Azərbaycan - Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Müqəddəs Vətən müharibəsi dövründə də Türkiyənin həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer alması, erməni işğalından azad olunan torpaqlarımızda ilk rəsmi səfərdə olan dövlət başçısının məhz Türkiyə Republikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın olması bunun bariz nümunəsidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələrini xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirən iki liderin bu dəfəki görüşü əhəmiyyətli hadisə kimi tarixə düşdü.
Bu görüşün məhz Pənahəli xan diyarı, Molla Pənah Vaqifin, Xurşidbanu Natavanın, Bülübülün və digər ustadların ruhunun yaşadığı Şuşada baş tutmasının və Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi tarixi əhəmiyyəti və mənası vardır.
44 günlük Vətən müharibəsində qazandığımız Qarabağ Zəfəri dünyada və regionda yeni reallıq yaratdı. Zaman keçdikcə bu reallıq daha aydın görünəcək, həm region, həm də dünya ölkələri bundan faydalanacaqdır.
Münaqişənin bitməsi yenidən başlama təhlükəsinin olmaması anlamına gəlmir. Ermənistan tərəfində buna cəhd göstərən, revanşist qüvvələrin mövcudluğu bütün dünyaya bəllidir. Lakin Azərbaycan atdığı addımlarla, yürütdüyü siyasətlə regiondakı sabitliyi, əmin – amanlığı qoruyur və regionda uzun müddət davam edəcək sülh və inkişaf yolu yaradır.