1991-ci il avqustun 7-nə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar.
Pravda.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyindən doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunmasını istəyirlər.
Nüvədi sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər.
Qeyd olunub ki, bütün insan hüquqları sənədləri - 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.
Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.
Müraciət 452 ailə adından hər birinin imzaları və müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib. Müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıblar.