Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır. Bu hal 32 nömrəli avtobusda hər gün yaşanır. Kondisionerlərin yandırılmaması avtobusda sərnişinlər sıx olduğu zaman problemi daha da böyüdür.
Gündəlik 17 mindən çox sərnişin daşıyan 32 nömrəli marşrut xəttinin avtobuslarında kondisioner sistemi qoşulmur.
"28 may" metrostansiyasından "8-ci kilometr" ərazisi üzrə sərnişin daşıyan 32 nömrəli marşurtda hər gün eyni vəziyyətdir. Havaların isinməsinə baxmayaraq, kondisioner sistemi qoşulmur. Sərnişinlər bildirirlər ki, avtobuslarda isti havalarda, xüsusilə də pik saatlarda kondisioner qoşulmayanda nəfəs almaq çətin olur.
Sərnişinlərin sözlərinə görə, bu problemlə bağlı sürücülərə dəfələrlə şikayət ediblər.