"Erməni xalqı növbədənkənar parlament seçkilərində sülhü istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, Paşinyanın əli-qolu açılıb və yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib: "Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatıb. Baş nazirin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 53,92 faiz səs toplayaraq qalib gəlib. Ermənistan Mərkəzi Seçki Komissiyasının bununla bağlı mövqeyi artıq bəllidir. Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 21,04 %, sabiq Prezident Serj Sarkisyanın "Mənim şərəfim var" bloku isə 5,23% səs toplayıb. Bu o deməkdir ki, Sarkisyanın bloku lazım olan 7%-lik səsi toplaya bilmədiyi üçün ümumiyyətlə parlamentə düşə bilməyəcək. Beləliklə, Nikol Paşinyan qalibdir və Baş nazir vəzifəsini o icra edəcək. Əvvəlki qalibiyyətini "məxməri inqilab" adlandıran Paşinyan indi baş vermiş hadisəni "Polad inqilab" adlandırır. Qeyd etmək lazımdır ki, Nikol Paşinyan müharibənin əleyhinə olduğunu, Köçəryan başda olmaqla, digər revanşistlər isə müharibənin lehinə mövqe bildirirdilər. Hətta açıqlamalarında guya Şuşanı, Hadrutu geri alacaqlarına dair sərsəm bəyanatlar verirdilər. Erməni xalqı bu səsvermədə sülhü istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər. Deməli, Paşinyanın əli-qolu açılıb, yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib".