İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Baş İdarə rəisinin müavini Namiq Dərgahov toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib.
Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80%-nin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Namiq Dərgahov bildirib ki, bundan başqa, müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.
“50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər”, - deyə N. Dərgahov qeyd edib.