Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.
Toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin üzünü güldürüb.
Şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, qərardan sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək istəyənlər sözün əsl mənasında sıraya düzülüblər.
Şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub.
Şadlıq sarayının sahibi bildirir ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür.