“Xalqımız bir çox bəlalara sinə gərib. Burada torpaqlarını işğaldan azad etməsini və COVİD-19 adlı bəlaya qalib gəlməsini misal göstərmək olar. Amma xalqımızın sinəsində zəli kimi oturmuş, xalqımızın malını, pulunu talayan 3-cü bir bəla da var və bu gün meydan sulayır: Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsi! Təbii ki, bir çox sahələrdə (xüsusilə də Gömrük Komitəsində və digər dövlət qurumlarında) problemlər var, amma Baş Dövlət Yol Polis İdarəsi qədər rüşvət və korrupsiyaya bulaşmış ikinci bir qurum tanımıram”.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu bildirib ki, idarə rəisi Ramiz Zeynalov xirtdəyədək korrupsiyaya bulaşıb: “Hansı ki, xalqın ən zəhmətkeş insanlarını dövlətdən narazı salır. Bu qurumun otaqlarında açıq alver gedir. Dövlət idarəsində vətəndaşdan qanunsuz olaraq pul almaq nə deməkdir?! Texniki baxış pul, sürücülük vəsiqəsi, dövlət nömrə nişanı almaq pul. Hər bir işin öz “xidmət haqqı” var…
- Sürücülük vəsiqəsinin qiyməti kateqoriyasından asılı olaraq 1050-1400 manat arası dəyişir;
- Nömrələrin qiyməti seriyaya və rəqəmlərə görə dəyişir;
- Texniki baxış zamanı avtomobilin dəyərinə görə rüşvət tələb olunur və sairə…
Təsəvvür edin əvvəli 99-la sonu 999 bitən nömrələrin “dəyəri” seriyasından asılı olaraq 100-250 min manat arası dəyişir. Bu boyda rüşvət və korrupsiya piramidasını başqa qurumda təsəvvür etmək mümkün deyil. Bütün bu özbaşınalıqlar isə hər kəsin gözü önündə baş verir. Hansı ki, bu cinayət motivli “alverlər” vətəndaşları dövlətlə üz-üzə qoyur… Olmazmı ki, bütün bu xidmətlər şəffaf olaraq həyata keçirilsin? Axı DYP-nin kabinetində vətəndaşlarımızın, sözün həqiqi mənasında, “dərisini soyurlar”… Bütün bunlardan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xəbərsizdirmi? Ramiz Zeynalovun bazar düşüncəsinə, bazar yanaşmasına nə zaman son qoyulacaq? Kimdir Ramiz Zeynalovu himayə edən? Bütün bu suallar məni çox düşündürür… Bu qədər də olmaz axı! Millətimizə, xalqımıza qan uddurmaqla yanaşı bu məmurlar müharibədən çıxmış dövlətin büdcəsinə qənim kəsiliblər. Qanunsuz fəaliyyətin fonunda Ramiz Zeynalovun xidməti fəaliyyət müddətini artırmaq nə deməkdir? Daha çox talasın deyəmi?! Bilirsinizmi, hörmətli Ramiz Zeynalov qanunsuz əməllərini nə ilə “ört-basdır” etməyə çalışır? Hər kəsə, öz komanda üzvlərinə “İşğaldan azad edilmiş ərazilərimizin bütün xərcləri mənim boynumdadır” deməklə… Siz kimsiniz ki, dövlət sizə möhtac olsun?! Bu nə təbliğatdır aparırsınız, cənab Zeynalov?! Rica edirəm, bu cinayətkarcasına soyğunçuluğunuzu “dövlətin ehtiyacları” ilə əlaqələndirməyəsiniz. Bunun fəsadları daha ağır olacaq!”