“Adətən müharibədən məğlub kimi çıxan hakimiyyət ya istefa verir, ya da buna məcbur edilir. Ancaq Ermənistanda əksinə oldu, məğlub partiya ikinci dəfə qalib gəldi. Ermənistanda və xaricdə olan erməni məmur-oliqarxlar var gücləri ilə Köçəryanın seçilməsinə çalışsalar da, buna nail ola bilmədilər. Bunun üçün əllərində olan bütün maddi, informasiya mənbələrini işə saldılar. Lakin əvəzində heç nə qazanmadılar. Seçkilərin ilkin nəticələrinə görə Paşinyan rəqiblərinə böyük üstünlüklə qalib gəldi. Düşünürəm ki, Nikol Paşinyanın qalibiyyətinin əsas səbəbi erməni cəmiyyətinin müharibə istəməməsi, Azərbaycan ordusunun gücünə yaxşı bələd olmasıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Köçəryanın odlu-alovlu populist çıxışları, revanşist istəkləri erməni xalqını daha da qorxutdu: “Artıq Ermənistan əhalisi də sivil, sülh şəraitində, demokratik cəmiyyətdə yaşamaq istəyir. Köçəryan düşündü ki, xalq yenə Qarabağın işğalına meyl göstərib onu seçəcək. Amma tam əksi oldu. Daha Ermənistanın terrorçu qüvvələri əlindəki Qarabağ kartından istifadə edə bilməyəcək. 44 günlük müharibə, böyük məğlubiyyət Ermənistan cəmiyyətini, toplumun baxışlarını xeyli dəyişdi, müharibəyə, revanşa “yox” dedi, daşnakların, qisasçıların populist fikirlərinin onu ağır bəlaya sala biləcəyini dərk etdi. Düşünürəm ki, onların bu seçimi Qafqazın sülh şəraitində yaşamasına doğru ciddi bir addım olacaq. Bundan sonra yeni hakimiyyət vəziyyəti düzgün qiymətləndirib, konstruktiv mövqedən çıxış edərsə, həm ömrünü uzada bilər, həm də dövləti və xalqı bu durumdan yararlana bilər. Xüsusilə, Azərbaycan və Türkiyəyə münasibətdə yenilliklərə yol açıb, özünü və xalqını blokadadan çıxarıb, inkişafa, dirçəlişə nail apara bilər. Ümid edirəm ki, Nikol hakimiyyəti artıq yaxşı nəticə çıxarıb, əvvəlki siyasətinin istiqamətini tamamilə dəyişəcək, regionda sülhün təminatında iştirak edəcək. Ermənistanın inkişafına gedən yeganə yol Türkiyə və Azərbaycanla münasibətlərini yaxşıllaşdırmaqdan keçir. Biz isə müharibədə qalib gəlmiş xalqa xas olan böyüklüklə sülh quruculuğunu dəstəkləyib, Qafqazı əməkdaşlıq, iqtisadi rifah bölgəsinə çevirəcəyik”.
Kənan