Milli Məclisin növbədənkənar sessiyası başa çatmaq üzrədir. Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Deputatlar bu müddət ərzində iki aylıq məzuniyyət pulu alacaqlar.
Pravda.az mövzu ilə bağlı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir:
Deputat Elman Məmmədov bildirib ki, o, artıq uzun müddətdir ki, yay tətilində istirahət üçün xaricə üz tutmur:

"Bu il də həmişə olduğu kimi yay tətilini öz ailəmlə birlikdə vətəndə qeyd edəcəyəm. Əgər qismət olarsa, bölgələrə səfər etməyi planlaşdırıram. Xüsusilə, əhalinin sıx məskunlaşdığı Goranboy rayonunda istirahət edəcəm. Yəni, Respublikadan kənara çıxmaq planımda yoxdur”.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə məzuniyyətini əsasən Daşkəsən və Göygöl rayonlarında keçirməyi planlaşdırır:

"Əslində xüsusi bir planım yoxdur. Çünki növbədənkənar iclasların iyulda da davam etmə ehtimalı var. İstənilən halda Həmkarlar Təşkilatına göndəriş verilməsi üçün müraciət etmişəm. Haranı məsləhət görsələr, gedib orada 10 gün istirahət edəcəyəm. Qalan vaxtı isə yəqin ki, Göygöl və Daşkəsəndə olacağam".
Millət vəkili Eldar Quliyev deyir ki, Novxanı bağları istirahət üçün ideal seçimdir:

"Xaricə səfər etməyi planlaşdırmıram. Türkiyədən ezamiyyədən yenicə gəlmişəm. Ağsaqqallar Şurasının sədri olduğum üçün bu yay tətilimi təşkilata həsr edib, Şura ilə bağlı bir sıra planları reallaşdırmaq istəyirəm. Qısacası, məzuniyyət planım - Bakı, Bakı, hər zaman Bakı!"
Deputat Azər Badamov isə qeyd edib ki, regionları daha yaxından tanımaq üçün məzuniyyət dövründən faydalanacaq:

"Parlamentin növbədənkənar sesiyasının başa çatması və deputatların məzuniyyəti yaxınlaşır. Təbii ki, deputatlar da bütün vətəndaşlar kimi məzuniyyət dövründə öz istərahətini hansısa bir sanatoriyada və ya istirahət mərkəzində keçirə bilələr. Fikrimcə, istirahət üçün ən yaxşı məkanlardan biri seçildiyim və yaşadığım Qusar rayonudur. Məzuniyyət dövründə daha çox rayonda olmağı planlaşdırıram. Bu, mənə rayon sakinləri ilə daha tez-tez görüşmək, söhbət etmək imkanı verəcək. Həm də ölkəmizin digər regionlarına da qısa səfərlər etməyi də planlaşdırıram. Azərbaycanda çoxlu görməli, gəzməli yerlər var".



