Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsini təcəssümüdür. “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısıba çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. İstədik ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizləri bir araya toplayaq, əməyinizi xatırlayaq. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz. Bir daha minnətdarlığımı bildirirəm”, - deyə Ə.Amaşov vurğulayıb ki, Vətən müharibəsi gedişində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmaslar yaradıblar.