Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) İsti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.
DƏMX-dən verilən məlumata görə, işəgötürənlərə müraciət edərək bildirilib ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.
Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.