Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə Xidmətin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Çıxışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində Böyük Qələbənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğurla icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq salnamələri yazdıqları vurğulanmışdır.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə başlanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd mühafizəsinə ali dövləti diqqətin daha bir təzahürü olması bildirilmişdir.
Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi şərəfini daşıyan Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunmuşdur.