“COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi”.
Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarının üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır: “Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim: peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir”.
H. Qabulov koronavirusa qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: “Bu, tez-tez məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur.