“Toylarla bağlı verilən son qərar yenə də tam cilalanmış sayıla bilməz. Çünki COVID-19 pasportunu üzrlü səbəbdən əldə edə bilməyənlər (hamilə qadınlar, müəyyən xəstəlik səbəbindən peyvənd vurdurmayanlar) nəzərə alınmayıb. İnsanları bu hüquqdan məhrum etmək olmaz”.
Pravda.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı sonuncu qərarını şərh edərkən bildirib.
Deputat qeyd edib ki, pasport tələbindənsə, toya gələnlərin hərarəti ölçülməlidir:
“Nəticədə istiliyi olanlar toya buraxılmamalıdır. Təsəvvür edin ki, COVID-19 pasportu alan, yəni peyvənd vurduranlar hərarəti olsa da toyda iştirak edəcək. Pasport vətəndaşın artıq yoluxmayacağı və digərlərini də yoluxdurmayacağı üçün zəmanət deyil. Bu məsələlərdə necə düşünürlər, hansı məsələyə baxıb müzakirə edirlər, ətraflı araşdırmadan necə qərar verirlər, açığı mənim üçün təəccüblüdür. Çünki bu qərarlarla istənilən toy mərasimi keçirən şəxsi cərimələmək mümkündür. Ona görə də hüquq mühafizə orqanları və digər səlahiyyətlilər xeyli güzəştli davranmalıdırlar. Hansısa bəhanə gətirərək, insanların şadlığında narahatlıq yaratmamalıdırlar. Toya gələnlər arasında nəsə cığallıq edən, qaydaları pozan mütləq tapılacaq. Bütün bunlar isə ev sahibini, hüquqi şəxsin boynunda qalacaq. Toy da elə bir şeydir ki, insanlara müəyyən dərəcədə güzəştli yanaşamağa məcbur olursan. Fikrimcə, bu baxımdan çətin vəziyyətdə qalacaqlar. Hər halda qərar daha əhatəli düşünülməli idi. Mənasız, insanları yoran tələblərdənsə, elə girişdə hərarətin ölçülməsi, maska, sosial məsafə tələbləri kifayət edirdi. Ümumiyyətlə, maska, sosial məsafə tələbləri ağlabatandır, amma pasport tələbi tam uyğunsuzdur”.