Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Pənah Hüseyn deyir ki, Heydər Əliyevi mən dəvət etmişəm..."

1 121
Paylaş:
"Pənah Hüseyn deyir ki, Heydər Əliyevi mən dəvət etmişəm..."

İyun ayı Azərbaycan tarixində daha çox 1993-cü ilin bu ayında baş verən hadisələrlə zəngindir. Məhz bu ayın 4-də mərhum prezident Əbülfəz Elçibəyə qarşı Gəncədə qiyamçı polkovnik Surət Hüseynov tərəfindən qiyam qaldırılıb. Bu qiyam nəticəsində Elçibəy iqtidarı daxilindəki siyasi böhran daha da dərinləşmiş və sonunda AXC-Müsavat hakimiyyəti istefaya getməyə məcbur qalmışdı. O zaman xilas yolu kimi Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin Bakıya dəvət olunması seçilmişdi. Bunun üçün Ə.Elçibəy onu paytaxtımıza dəvət etmişdi, hətta bunun üçün onun arxasınca təyyarə də göndərmişdi. Bu proseslər cərəyan etdiyi günlərdə hökumətdə ikinci səlahiyyət sahibi olan, parlamentin sədri İsa Qəmbər istefa verməyə məcbur edilmişdi. Elçibəy qanunverici orqanda H.Əliyevin Milli Məclisin sədri olması üçün iqtidar deputatlarına ona səs vermələrini xahiş edib.

Elçibəy iqtidarında baş prokuror işləyən İxtiyar Şirin həmin dövrün proseslərini belə xatırlayır: “Bu məsələ ilə bağlı dəqiq cavablar verməyə bir qədər çətinlik çəkirəm. Çünki həmin vaxt Gəncədə qiyamçılar məni əsir götürmüşdülər. Proseslər gedən zaman Bakıda deyildim. Orada məsələlərin nə yerdə olduğunu görmürdüm. Amma hər bir halda ortada kadrlar qalır. Allah Heydər Əliyevə də, Əbülfəz Elçibəyə də rəhmət eləsin. Heydər Əliyevin Bakıya dəvət olunması, Milli Məclisin sədri seçilməsi o zamankı rəhbərliyin razılığı əsasında olub. Bu bir tarixi faktdır. Məsələn, Pənah bəy deyir ki, Heydər Əliyevi mən dəvət etmişəm. Sonradan Elçibəyə xəbər verildiyi barədə də fikirlər səslənir. O zaman baş nazirin müavini işləyən Rəsul Quliyevi Naxçıvana göndərmişdilər, Heydər Əliyevin bura gətirilməsi üçün. Parlamentin sədri Heydər Əliyevin seçilməsi hamının gözü qarşısında olub. Burada qaranlıq bir şey görmürəm. Həmin vaxt ciddi kadr dəyişiklikləri yaşanırdı. Məsələn, Pənah bəy baş nazir, Əli Kərimli dövlət katibi gətirilmişdi. Kəlbəcər işğal olunduqdan sonra mən də daxil olmaqla, rəhbərlikdə təmsil olunan şəxslər çox böyük işlər gördü. Elə sizin qəzet də bu barədə hərtərəfli məlumat verib. 1993-cü il iyunun 20-də artıq Kəlbəcər Azərbaycana qaytarılmalı idi. 4 iyun qiyamı Kəlbəcərin qaytarılmasına imkan vermədi, eyni zamanda işğalın davam etməsinə yol açdı”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli o zaman yaşanan hadisələri belə ardıcıllıqla sadaladı: “Heydər Əliyevin  o zamankı reytinqi kifayət qədər yüksək idi. Elçibəy hakimiyyətinin də nüfuzu xeyli azalmışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edənlərin sayı günbəgün artırdı. Belə bir ictimai təzyiqin qarşısında Elçibəyin özü də sanki yorulmuş kimi hakimiyyət yükü altında Heydər Əliyevin iqtidara gəlməsinə razı olmuşdu. Elə hesab edirdi ki, bu baş tutsa, Heydər Əliyev Nazirlər Kabinetinin rəhbəri olacaq və birlikdə ölkəni mövcud böhrandan çıxaracaqlar. Amma bildiyim şeylərdən biri odur ki, bu dəvət baş tutdu, Pənah Hüseyn baş nazirlikdən istefa verdi, İsa Qəmbər parlamentin sədrliyindən getdi. Bundan sonra Heydər Əliyevi Ali Sovetin sədri seçdilər. Səhv etmirəmsə, proses Elçibəy komandasında ciddi narazılıqlar yaratdı. Bu narazılıqlar dalğasında günlərin birində Elçibəy Bakını tərk edərək Kələkiyə getdi. Yaddaşımda ən çox qalanlar bunlardır. Ona nə qədər çağırış etsələr də, geriyə qayıtmadı. Sonda məcbur olaraq, prezidentin səlahiyyətlərini Ali Sovetin sədri icra etməyə başladı. Yeni prezident seçkiləri günü elan olundu. Proseslər bu məcrada davam etdi”.

“Yeni Müsavat”

Paylaş:

Ən son xəbərlər