Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa müsahibə verib. Parlament müxalifətinin təmsilçisi aktual məsələlərlə bağlı suallarımızı cavablandırıb, Türkiyə səfərindən tutmuş, Bakı-Ankara münasibətlərinədək, Xəzər dənizinin sahillərinin zəbtindən, məmur-deputat münasibətlərədədək çox məsələlərə hər zaman olduğu kimi, orijinal münasibət bildirib.
- Fazil bəy, bir müddət öncə Azərbaycan parlamentinin nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə oldunuz, Prezident Ərdoğanla görüşdünüz. Maraqlıdır, “Bir millət, iki dövlət”in müttəfiqliyini Türkiyədən necə müşahidə etdiniz?
- Türkiyə səfərimiz parlamentlərarası işçi qrupu formatında nəzərdə tutulmuşdu və Milli Məclisin sədri Sahibə Qafarovanın birbaşa təşəbbüsü ilə gerçəkləşmişdi. Ümumiyyətlə, son bir ildə ağır pandemiya şərtlərinə rəğmən Milli Məclisin dünya parlamentləri ilə əlaqələri xeyli genişlənib. Azərbaycanın dövlət maraqlarına uyğun bütün məsələlər barədə sədrin göstərişi ilə işçi qrupları vasitəsi ilə digər ölkələrin parlament üzvləri operativ bilgi əldə edə bilirlər. Türkiyə qardaş ölkədir və bizim dövlət başçıları arasında ən yüksək səviyyəli səmimi münasibətlər var, parlament sədrləri arasında da intensiv əlaqələr yaranıb, ancaq parlament müxtəlif siyasi qüvvələri təmsil edən orqan olduğuna görə müvafiq işçi qruplarında təmsil olunan ayrı-ayrı partiya üzvləri ilə təmasların olduqca böyük əhəmiyyəti var. Bilgiləndirmə, qarşılıqlı fikir mübadiləsi, proseslərin izahı, Türkiyənin bölgəyə strateji baxışını aydınlaşdırma baxımından faydalı səfər sayıla bilər. Həm də Türkiyə Cumhurbaşqanı, Böyük Millət Məclisi başqanı, xarici işlər, təhsil və səhiyyə nazirləri, üç komitə sədri, işçi qrupu üzvləri ilə görüşlər proqramın zənginliyindən xəbər verir. Türkiyə qardaş ölkə kimi tamamilə Azərbaycanın arzuladığı yol xəritəsi üzrə hərəkət edir və savaşda qələbəmiz ümumiyyətlə Azərbaycana “bir dövlət və millət olaraq” Türkiyə cəmiyyətində sayğınlığı xeyli artırıb. Ordu quruculuğunda Türkiyənin dəstəyi əvəzolunmazdır, ardınca daha çox diaspor fəaliyyətində, təhsil sahəsində işgüzar münasibətlərin keyfiyyətinin artırılmasını zəruri hesab etdiyimdən orada bu mövzular ətrafında müzakirələrdə aktiv iştirak etmişəm.
- Türkiyə və Azərbaycanın konfederativ əsaslarla birləşməsi təklifi on illərdir ki, vaxtaşırı gündəmə gəlir. İndiki mərhələdə bu hədəfə xeyli yaxınlaşmışıq. Siz konfederasiya ideyasına necə baxırsınız?
- Türkiyə və Azərbaycan məgər bir yerdə deyil? Bundan o tərəfə daha hansı formada birləşməni nəzərdə tutursunuz? Müasir
dünyanın baxışları altında bir yerdə olmanı birləşməklə rəsmiləşdirməyin hansısa faydasını görmürəm. Hələ bir müddət də bu formada hərəkət etmək hər iki dövlətin salamatlığı üçün zəruridir. Şuşa Bəyannaməsi eyni düşüncəni daşıyan, eyni strateji xətti izləyən iki dövlətin vahid dövlət kimi hərəkəti deyilmi? Ümumiyyətlə, “birləşmə” populizmini ortaya atanlar qaş düzəltmək istədikləri yerdə vurub göz çıxarmayacaqlarını sübuta yetirməlidirlər. Bugünkü düşüncə birliyimiz, hərəkət birliyimiz, səmimiyyətimiz o qədər dəqiq cilalanıb ki, ərazi birliyini rəsmiləşdirmənin bunlara zərər vuracağını anlamalıyıq. “Azərbaycana hücum olsa, Türkiyəyə hücum sayılacaq, Türkiyəyə hücum olsa, Azərbaycana hücum sayılacaq”. Fikrimcə, Şuşa Bəyannaməsinin ruhunda yer alan bu ifadə hər iki ölkənin gerçək vətənsevərləri üçün yetərli sayılır. Konfederasiya ideyasına gündəmdə qala bilər, ancaq bu ən kritik anda gerçəkləşdiriləcək bir addım ola bilər. Hələlik iki səs, iki bayraq və bir yumruq hər iki dövlətin maraqlarına tam uyğundur.
- Fazil bəy, Milli Məclisin son iclaslarında ən çox toxunduğunuz məsələlərdən biri Bakıdakı plansız tikililərlə bağlıdır. Paytaxtı gecəqondulardan, nizamsız tikililərdən xilas etmək üçün gecikməmişikmi? Bəlkə ən doğrusu yeni paytaxtın salınması olardı. Axı, bu qədər plansız binaları sökmək də olmaz...
- Burada söhbət yalnız Azərbaycanın paytaxtının plansız tikilişindən getmir. Bir mədəniyyətsizlik təzahürü göz qabağındadır. Binaların fasadı əla, çıx ən hündür yerdən Bakıya bax və heyrətlə şəhərin möhtəşəmliyinə təriflər deyəcəksən. Ancaq bu şəhəri gəzərkən sinəsinə dağ kimi çəkilmiş yerüstü körpüləri, dəniz görüntüsünün bulvar zolağında qarşısını kəsən ərköyün, imtiyazlı hündür binaları, dar yolda çığır-bağır salan təcili yardım maşınlarını, yanğın olan bitişik binalara yolun darlığından, maşınların parketmə əngəlindən yaxınlaşa bilməyən yanğınsöndürən maşınları, əlil arabası ilə qalxış-enişin mümkün olmadığı piyada keçidlərini görəndə, sivil taksi dayanacaqlarının olmadığına baxanda, şəhərə girişdə plansız səpələnmiş gecəqonduları seyr edəndə məyusluğunu gizlədə bilmirsən. Bakıda mütləq və təcili olaraq Böyükşəhər bələdiyyəsi yaradılmalı, bələdiyyə seçkiləri keçirilməli, inzibati rayonların sayı yarıya endirilməli, şəhərdə tikililər kollegial müzakirədən keçməlidir, nəqliyyatı, yol infrastrukturunu bələdiyyə qurumu idarə etməlidir və məhz bu qurum şəhərin durumuna görə konkret məsuliyyət daşımalıdır. Bu yaxınlarda Ankarada Əsənboğa hava limanından şəhərə gedərkən 30 il öncə gördüyüm şəhəri tanıya bilmədim. Yolun kənarında olan bütün gecəqondular artıq ortadan qaldırılmışdı və sahibləri də müvafiq bələdiyyələrin imkanları ilə yeni inşa edilən mənzillərlə təmin olunmuşdu. Təklif edirik ki, bir sıra ali təhsil ocaqları, nazirliklər Gəncəyə köçürülsün, şəhərə axışan rayonların sakinləri üçün öz doğma yerlərində məşğulluq imkanları yaradılsın, şəhərdə tıxacların sayının azalması üçün park yerləri infrastrukturu genişləndirilsin, hamısını bir tərəfə buraxıb ancaq yumurtadan yun qırxmağı düşünürlər. Hara boylanırsan, tətbiq olunan cərimələrlə rastlaşırsan, sanki bu durum cərimə yığmaq üçün münbit gəldiyindən dəyişməyi, yaxşılaşdırmağı düşünən yoxdur. Pulun varsa, imtiyazın varsa, ürəyin istədiyi yerdə bina da tikərsən, yolu bağlaya bilərsən, vətəndaşı əzə bilərsən. Budur reallığımız… Gecəqondulaşma yalnız sosial problem deyil, rüşvət mənbəyidir. Ona görə də nə bu evlərin özəlləşdirməsini gerçəkləşdirməyi, nə də şəhəri qaydaya salmağı düşünən yoxdur.
- Xəzər dənizinin başına açılan oyunlar, sahilin hasarlarla gizlədilməsindən illərdir danışırsınız. Hətta Şuşa qalasını azad etdiyimiz halda, Xəzəri xilas etməkdə çətinlik çəkirik. Bəlkə də dünyada yeganə “nümunə”yə - Allahın bəxş etdiyi dənizin insanların üzünə bağlanmasına nə vaxt və hansı yolla son qoyula bilər, sizcə?
- Xəzəri hasarlardan azad etmək Şuşanı işğaldan azad etməkdən çox çətin məsələdir. Bunun üçün azərbaycanlı mentalitetinə qalib gəlməlisən. Hələ indi-indi bəzi sahil yerlərində dənizə girmiş hasarlardan xahiş etdilər ki, on-on beş metr geri çəkilsinlər. Bəzi məhəllələrdə “qara camaat”ın keçməməsi üçün qoyulmuş şlaqbaumları yığışdıra bildilər. Ancaq bütövlükdə bu hasarlanmanı ləğv etmək üçün “Xəzər dənizinin statusu” barədə qanun qəbul etməliyik. Biz, bu statusu Xəzəryanı ölkələrə qəbul etdirə bildik, ancaq özümüz tanımaq istəmirik ki, istəmirik. Axı bu dəniz bir nemətdir, bura kanalizasiya axıtmaq olmaz, qumunu daşıyıb pul qazanmaq cinayətdir, sahilini insanların üzünə bağlamaq görməmişlikdir! Hər il sahildə pul verib, qum meydançası düzəldirik ki, insanlar gəlib futbol oynasınlar. Gedib görürsən meydançanın ortasına hansısa məmur bilərəkdən beş maşın zibil tökdürüb ki, adamlar idman etməsinlər. Bizdə dəniz turizmi sıfır vəziyyətdədir. Mütləq dənizi qorumaqla bağlı addımlar atılmalıdır. Əks halda, bir azdan Xəzəri Aral dənizinin gününə salacağıq.