“26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin bütün kollektivi adından cənab Ali Baş Komandanımız başda olmaqla şəhid ailələrini, qazilərimizi və Silahlı Qüvvələrimizin bütün hərbi qulluqçularını təbrik edirəm. Hərbi qulluqçulara xidmətlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram”.
Pravda.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov deyib.
O deyib ki, Vətən müharibəsi dövründə xalq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi: “Ümummilli lider gözəl kəlamlarından birində deyib ki, ordu xalqın ayrılmaz bir hissəsidir. Bəli, biz bunu Vətən müharibəsində gördük, yaşadıq, canlı şahidi olduq. Xalqımız, bütün dünya azərbaycanlıları Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşdi, tam həmrəylik nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatını gözəl bir şəkildə, peşəkarcasına, uğurla həyata keçirdik”.
“Ordu birləşmələrinin, hər bir qoşun növünün özünün spesifik xüsusiyyətləri mövcuddur. O xüsusiyyətlərə görə də təyinatı və vəzifələri var. Ancaq hər birinin də vəzifələrində Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək göstərilib. 2020-ci ilin əvvəlindən dünyanı öz caynağına alan COVID-19 pandemiyası ilə bağlı olaraq, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarıın hərbi qulluqçuları daxili işlər orqanları əməkdaşları ilə birgə xidmətə cəlb olunub. Burada xalqımız sağ olsun ki, anlayış göstərdi. Bu xidmətin öhdəsindən layiqincə gəldik. Hazırda xidmət davam etməkdədir. Biz həmin xidməti davam etdirərkən 2020-ci ilin sentyabr ayının 27-də düşmən qüvvəsinin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu ilə Vətən müharibəsi başladı. Bütün Orduya həyacan siqnalı verildi. Biz də öz təyinatımıza uyğun olaraq, xüsusi təyinatlılar döyüş bölgəsinə yollandı və tapşırıqlar müəyyənləşdirildi. Vətən müharibəsində qarşımıza qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdik və torpaqlarımız düşmən işğalından azad olundu”, - Z.Yusibov bildirib.