“Deputat Ramil Həsənin adının hallandığı qalmaqal sadəcə anlaşılmazlıq müstəvisində yaranmış vəziyyətdir”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı həmkarı Ramil Həsənin vəkillə mübahisəsindən danışarkən deyib. Onun fikrincə, bu qalmaqal daha çox emosional durumdan qaynaqlanan vəziyyətdir və İntizam Komissiyasına çıxarılmasına gərək yoxdur:
“Ortada ictimai təhlükəsizliyin pozulması, başqa insanların həyatına təhlükə yaradılması və s. pozuntular yoxdur. Sadəcə, mübahisə edib. Mübahisəni kim etmir ki?! Elə biz özümüz də bəzən adi həyatda sözümüzü anlamayan şəxslərlə mübahisə edə bilirik.
Ramil Həsən savadlı deputatlarımızdandır. Vaxtilə TÜRKPA-da ciddi vəzifə daşıyıb, Parlament Assambleyasının formalaşmasında ciddi töhfələri var. Dövlətçiliyə sadiqdir. Bir qədər qeyri-adiliyi var və ona problemlər yaradır. Gərək, situasiyanı nəzərə alıb, davranışlarını tənzimləsin. Sıradan insan deyil, millət vəkilidir. Çox arzulayardım ki, bu, Ramil Həsənin adının hallandığı son belə hadisə olsun.