Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Tükiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb.
Öz növbəsində TİHEK-in rəhbəri Süleyman Arslan dəvətə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, müharibə nəticəsində zərər çəkmiş ərazilərdə yerində araşdırmalar aparılması baxımından bu səfər xüsusi önəm daşıyır. S.Arslan çıxışı zamanı qurumlar arasında əlaqələrin genişləndirilməsinin məmnunluq doğurduğunu vurğulayıb.