Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Pravda.az-ın məlumatına görə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin, Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilib, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumlarla yanğına qarşı mübarizə məqsədi ilə geniş təbliğat işlərinin aparılmasına baxmayaraq, baş verən yanğın hadisələri barədə qrup üzvlərinə məlumat verilib. Hazırda mina təhlükəsinin mövcudluğu həmin ərazilərdə canlı qüvvədən və yerüstü texnikadan istifadəni məhdudlaşdırır. Yanğınlar nəticəsində ətraf mühitə, bioloji müxtəlifliyə, meşə fonduna, torpaq örtüyünə ciddi ziyan vurulur. İclasda aidiyyəti qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsinin, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin, baş verə biləcək yanğın hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsinin vacibliyi vurğulanıb.