BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Cahangirov: “Delta ştammı Britaniya ştammı ilə müqayisədə daha sürətli yolxuculuq qabiliyyətinə malikdir”

Bir ildən artıqdır ki, Yer kürəsinin sakinləri yeni növ koronavirus (COVID-19) adlı qlobal pandemiya ilə mübarizə aparır. Lakin bu mübarizə  hələ tam başa çatmamış virusun mutasiya olunmuş daha təhlükəli ştammlarının qeydə alındığı barədə məlumatlar yayıldı. Viruslarda daim mutasiya baş verir və Britaniya ştammı ilə Delta plus ştammı da belə bir dəyişmə nəticəsində əmələ gələn yeni ştammdır. Mutasiya sayəsində bu ştammların yoluxma qabiliyyəti təxminən 50 faiz artmış olub.

 

Bunu Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov bildirib.

 

Professor bildirib ki, koronavirusun “Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub: "Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlandı və ölkə boyu karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb oldu. Britaniya variantı daha yoluxucu olsa da, törətdiyi xəstəliyin "öldürücülüyü" və xəstəliyin "ağırlığı nöqteyi-nəzərdən" əvvəlki ştammlardan fərqlənmir. Britaniya ştammı əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir. Baş ağrısı, tənəffüs pozğunluğu, ishal və qusma kimi əlamətlər arasında fərqin olmadığı deyilir Təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış Britaniya ştammının yoluxdurma əmsalı Çin ştammının yoluxdurma əmsalından minimum 35 faiz daha çoxdur. Eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".

 

Tofiq Cahangirov bildirib ki, koronavirusun Delta plus ştammı ilk dəfə Hindistanda 2020-ci ilin sonuunda aşkar olunsa da, sürətlə yayılaraq 80-a yaxın ölkədə aşkar edilib. Azərbaycanda bu sahədə vaxtında aparılmış əksepidemik tədbirlər sayəsində  bu cür yolxucu ştammların  yayılmasının qarşısı alınıb.

 

Professorun sözlərinə görə, Delta ştammı Britaniya ştammı ilə müqayisədə daha  sürətli yolxuculuq qabiliyyətinə malikdir: "Dünya alimlərinin fikrincə, delta plus ştammının yoluxdurma əmsalı Britaniya ştammının yoluxdurma əmsalından 40 faiz çoxdur. Delta plus-un bu cür güclü yoluxdurma qabiliyyətini koronavirusun çıxıntı şəkilli zülalındakı baş verən mutasiya nəticəsində insan bədəninin hüceyrəsinin ACE2 reseptoru ilə daha asan şəkildə birləşməsi ilə əlaqələndirirlər. Bu ştamma yoluxmuş insanlarda daha çox baş ağrısı, boğaz ağrısı, burun axması və temperaturun yüksəlməsi kimi şikayətlər müşahidə edilir, öskürək və iybilmənin itməsinə isə çox nadir hallarda təsadüf oluna bilər. Həmçinin Delta ştammına yoluxanlarda ağırlaşma və hospitalizasiya halları Britaniya və digər ştammlar ilə müqayisədə olduqca yüksəkdir ki, bu da öz növbəsində səhiyyə sistemləri üçün çoxsaylı ölüm və misilsiz çətinliklərə səbəb ola bilər".

 

Tofiq Cahangirovun bildirib ki, mütəxəssislər indiyədək olduğu kimi, yeni virus ştammlarından qorunmaq məqsədi ilə sosial məsafə, təmasların azaldılması və gigiyena tədbirlərini gözləməyi tövsiyə edirlər: "Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) əsasən, hazırda təsdiqlənmiş və ya hazırlanmaqda olan COVID-19 peyvəndlərinin yeni virus variantlarına qarşı qorumanı təmin edir, buna görə də virusdakı dəyişikliklər və ya mutasiyalar vaksinasiya prosesini  təsirsiz hala gətirməməlidir. Bu peyvəndlərdən hər hansı birinin bir və ya bir neçə varianta qarşı daha az təsirli olduğunu sübut edən elmi dəlillər aşkar edildiyi təqdirdə, bu variantlardan qorunmaq üçün peyvəndlərin tərkibini dəyişdirmək mümkün olacaq. Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilib. Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Çox sevindirici hallardan biri də ondan ibarətdir ki,əhalinin COVID-19 əleyhinə vaksinasiya prosesi də müvafiq səhiyyə müəssələrində  yüksək səviyyədə təşkil olunub. Digər ölkələrlə müqayisədə Azərbaycanda COVID-19-a bağlı yoluxma və ölüm sayı yüksək deyildir. Lakin bu fakt vətəndaşlarımızın arxayınlaşmasına  əsas verməməlidir. Belə ki, pandemiya tam aradan qaldırılmadığı üçün müvafiq əksepidemik qaydalara riayət olunması çox vacibdir".

Tarix: 30 İyun 2021, 15:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin