“Məni Bakıda mühakimə olunan heç bir erməni terrorçunun, diversantın məhkəməsinə dəvət etməyiblər. Amma çağırmalıydılar!”.
Bu sözləri erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib. O bildirib ki, Bakıda mühakimə olunanları üzbəüz görmək istəyir:
“Burada saxlananların üzünü görə bilmədim, xəbərdar etmədilər ki, bilim kimlərdi. Bəlkə də Bakıdakı diversantlar, terrorçular arasında bizə işgəncə verənlər də var. Məndən soruşan olmadı. Bakıda iki erməni terrorçuya 20 il həbs cəzası kəsildi. Bunu ədalətli qərar hesab etmirəm. Onlara ömürlük həbs cəzası verilməli idi. Mən Kəlbəcərə, ata-anamın qəbrini ziyarətə getmişdim. Məni saxlayıb ömürlük həbs cəzası verdilər. Azərbaycan ərazisində terrorçuluq edənlərə isə 20 il verilir.
Erməni əsirliyində, girovluğunda olmuş azərbaycanlıların hamısı diversantların məhkəməsinə dəvət edilməliydi. Biz girov götürüləndə 2 erməni vəkil 1 il məni divara dirəyib, hər cür sual verdi. Mən də istəyirdim ki, Bakıda onlara suallarımı verim, bu da açıq şəkildə ictimaiyyətə yayımlansın.
Ballıqayada bir ailəni 4 uşağı ilə birlikdə doğrayan ermənilər idi. Xankəndidə Azərbaycan qızlarını girov saxlayan da onlar idi. Bu gün Xankəndidə iki kəlbəcərli var. Onları uşaq olanda erməni ailəsinə övladlığa veriblər. Artıq 30-dan çox yaşları var, adlarını Arsen və Suren qoyublar . Niyə onlarla maraqlanmırlar? Bax, Azərbaycanda saxlanan ermənilərdən bütün bunları soruşmaq lazımdır. Bir erməni bilirsə, bütün Qarabağda yaşayan ermənilər də bilirlər.
Ermənistanda 100-dən çox azərbaycanlı qadın saxlanılır. Mən girov düşəndən sonra bildim ki, Kəlbəcərin Comərd kəndində bir azərbaycanlı qız saxlayırlar. Sən demə, onu bir içki düşkünü olan erməni girov saxlayırmış. İndi yəqin ki, İrəvana aparıblar. Onu da axtarıb tapmaq lazımdır”.