Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Pravda.az dövlət başçısının müsahibəsini təqdim edir:
Müxbir: Salam cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası necə yaranıb?
Prezident İlham Əliyev: Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.
- Cənab Prezident, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı hansı addımlar atılıb?
- İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir.
Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq.
- Cənab Prezident, Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır?
- İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən buna əminəm, - bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir.
- Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?
- Biz də bu sualı özümüzə verirdik və ona görə bu zonanın yaradılması ilə bağlı görülən işlər məhz bu suala cavab verməli idi. Çünki bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır.
Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.