Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.
Pravda.az-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, iyulun 10-dək "Azəriqaz" sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək və bu proses zamanı abonentlər köhnə tarifdən istifadə edəcəklər.
Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilmişdir. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 mln. nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1 200 kubmetrədək (1 200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1 200-2 500 kubmetr (2 500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2 500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.