Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Elman Nəsirov: “Azərbaycanda ictimai-siyasi sabitlik Ələt Azad İqtisadi Zonasının yaradılması üçün mühüm amildir”

1 477
Paylaş:
Elman Nəsirov: “Azərbaycanda ictimai-siyasi sabitlik Ələt Azad İqtisadi Zonasının yaradılması üçün mühüm amildir”

"Azərbaycanda ictimai-siyasi sabitlik Ələt Azad İqtisadi Zonasının yaradılması üçün mühüm amildir. Cənab Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, sabitliyin olmadığı ölkələrdə belə iqtisadi zonaların yaradılmasının ciddi səmərəsi yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ələt Azad İqtisadi Zonası barədə danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda əlverişli investisiya mühitinin formalaşması da mühüm əhəmiyyət kəsb edir: "İyulun 1-də Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoydu. Layihə həm iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir. Birincisi, dənizə çıxışı olmayan ölkələrin belə azad iqtisadi zona yaratmaq imkanı məhduddur. Lakin Azərbaycan məsələ ilə bağlı beynəlxalq təcrübəni öyrəndi və əhəmiyyətli addım atdı. Prezidentin də dediyi kimi, bu müddət ərzində azad iqtisadi zonanın yaradılması ilə bağlı ciddi işlər görüldü və ən əsas infrastruktur layihələri reallaşdırıldı. Ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurları dünya iqtisadi forumu da yüksək qiymətləndirir. Onu da qeyd edim ki, Azərbaycan hava nəqliyyatının səmərəliliyinə görə, dünyada 12-ci yerdə, avtomobil nəqliyyatına görə isə 24-27-ci yerlərdə qərarlaşıb. Göstəricilər də sübut edir ki, Azərbaycanda infrastruktur formalaşıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Ən mühüm digər məsələ isə, Azərbaycan iqtisadiyyatının şaxələndirmə siyasətidir. Ölkədə iqtisadiyyatımızın neftdən asılılığını aradan qaldıran, qeyri-neft sektorunun inkişafı ilə bağlı xeyli işlər görülüb. Bütün bunlar, heç şübhəsiz ki, Ələt Azad İqtisadi Zonasının yaradılması üçün münbit şərait yaradıb. Digər ən mühüm amil isə, şübhəsiz ki, ölkəmizdəki ictimai-siyasi sabitlikdir. Cənab Prezident də xüsusilə vurğuladı ki, sabitliyin olmadığı ölkələrdə belə iqtisadi zonaların yaradılmasının ciddi səmərəsi yoxdur. Beləliklə, özünə hörmət edən investor belə zonalara investisiya yatırmır. Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Ələt qəsəbəsinin Bakıya yaxın ərazidə və dənizə yaxın yerləşməsi vacib faktorlardır. Nəticədə, gələn ilin iyul ayından başlayaraq, xarici investorların Ələt Azad İqtisadi Zonasına investisiya yatırmaları proqnozlaşdırılır".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər