Azərbaycanda hələ də "ov" və "yev" soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər.
1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.
18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.
Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.