İyulun 6-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
General-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.