Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur. Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir. Şuşa Bəyannaməsi isə Qars Müqaviləsinin hüquqi bazası əsasında müasir dövrün reallıqları nəzərə alınmaqla imzalanmış sənəddir. Bəyannamənin adı əslində hər şeyi deyir. “Azərbaycan-Türkiyə müttəfiqliyi haqqında Şuşa Bəyannaməsi” ifadələri ilk növbədə Azərbaycan-Türkiyə müttəfiqliyinin bu sənədlə rəsmiləşdirilməsindən xəbər verir. Burada istənilən üçüncü bir ölkəyə qarşı zidd olacaq fikirlərdən hər hansı bir məsələ yoxdur. Şuşa Bəyannaməsi tarixi bir sənəd olmaqla yanaşı Azərbaycan və Türkiyə arasında gələcək münasibətlərin, əməkdaşlıqların tənzimlənməsi baxımından yol xəritəsi də adlandırıla bilər. Artıq Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında əsas aktor rolunu oynamağa başlayıb. Şuşa Bəyannaməsi isə NATO dövləti olan Türkiyə ilə Azərbaycanın müttəfiqliyini təsbit etməklə mühüm geostrateji əhəmiyyət daşıyır ki, bununla da regionda dayanaqlı sülh və təhlükəsizliyin təmin olunması üçün zəmin yaranmış olur.
Şuşa Bəyannaməsi özlüyündə digər ölkələri, xüsusilə də 30 il torpaqlarımızı işğalda saxlayaraq ölkəmizə qarşı ərazi iddialarında olan Ermənistanı bu kimi cəfəng fikirlərdən çəkinməyə, 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycanın yaratmış olduğu yeni reallıqları qəbul etməyə məcbur edəcək gücə malik sənəddir. Belə ki, Ermənistan siyasi rəhbərliyi proseləsləri və Şuşa Bəyannaməsinin müddəalarını real olaraq təhlil edə bilərsə əsassız iddialardan əl çəkər, bir ölkə kimi gələcəklərini qura bilmək üçün regionda sülh və təhlükəsizliyə qarşı təhdid rolunu oynamazlar. Əksinə sülh və region ölkələri ilə əməkdaşlığa meyil göstərərlər.
Təbii ki, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Lakin Ermənistan bu deyilənlərin tam əksinə mövqe tutmuş və Azərbaycana qarşı işğalçılıq, talançılıq, ən əsası davamlı terror aktları törətmiş ölkədir. Bu mövqeyi əslində Ermənistanın özünə də böyük və geridönməz zərbələr vurub. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində Ermənistan bütün regional, eyni zamanda beynəlxaq əhəmiyyətli layihələrdən təcrid edilmiş dalan bir ölkəyə çevirilmişdir.
44 günlük hərbi əməliyyatlar da tamamilə yeni reallıqlar yaratmış oldu, bütün iqtisadi layihələrdən təcrid olunmuş zəif Ermənistan artıq olan qalan silahlı birləşmələrini də itirdi, qarşıda isə bu ölkəni ağır iqtisadi, sosial böhran gözləyir.
Hazırki mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq ki, bu da qonşu ölkələrlə, xüsuslə də regionun güclü dövləti olan Azərbaycanla sülh və əməkdaşlıqdan asılıdır.
Ermənistanda daxili vəziyyətin sabit olmaması, hələ uzun perspektivdə yaxşı heç nəyin görünməməsi bu ölkənin sülh və əməkdaşlığa məcbur qalacağından xəbər verir. Onsuz da Azərbaycanın 44 günlük hərbi əməliyyatlarda əsas hədəflərindən biri də bu ölkəni sülhə məcbur etmək idi. Atıq Ermənistan cəmiyyətində çətin də olsa bəzi siyasətçilər, ictimai xadimlər, eyni zamanda sadə insanlar beynəlxalq hüquq müstəvisində Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu etiraf etməyə və bu həqiqəti qəbul etməyə başlayıblar.