“Ermənistan elementar məsələlərdə belə, müstəqil siyasət yürütmət iqtidarında deyil...”
Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:
- Nəsib müəllim, bir neçə gün öncə, Ermənistan Füzuli və Zəngilan rayonlarında basdırdığı mina xəritələrini Azərbaycana təqdim etdi. Azərbaycan da humanist addım ataraq saxlanılan ermənilərdən 15 nəfərini geri qaytardı. Prosesi necə qiymətləndirirsiniz?
- Ağdam rayonunda basdırılan 97 min minanın xəritəsinin təqdim olunmasından sonra Füzuli və Zəngilan rayonlarında basdırılan minaların xəritələrinin əldə edilməsi müsbət haldır və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, xəritələrin təqdim olunması mina təmizləmə işlərini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Bu, əlavə maliyyə itkisi olmadan ünvanlı şəkildə mina təmizləmə prosesinə imkan verəcək. Atılan addımlar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesini sürətləndirəcək. İnanıram ki, işğaldan azad edilən digər rayonların da ərazilərində basdırılan minaların xəritələri təqdim olunacaq. Bu, bir daha göstərdi ki, Ermənistan digər məsələlərdə olduğu kimi, bu məsələdə də səmimi olmayıb. Müharibənin başa çatmasından 8 ay ötür, bu müddət ərzində Ermənistan onlarda mina xəritələrinin olmadığını bildirirdi. Amma Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, göstərilən təzyiqlər nəticəsində Ermənistan mina xəritələrini təqdim etməyə məcbur oldu. Bu, bir daha Ermənistanın ciddi dövlət olmadığını göstərdi.
- O xəritələrə güvənmək olarmı?
- Tamamilə güvənmək olmaz. Çünki kifayət qədər vaxt keçib, bu müddət ərzində Ermənistanda siyasi hakimiyyət bir neçə dəfə dəyişib. Ermənistan ordusunun hərbi-siyasi səviyyəsinin aşağı olduğunu, generalların qeyri-ciddi bəyanatlarını nəzərə alsaq, təbii ki, müəyyən boşluqlar görünür. Xəritələrdə qeyri-dəqiqliyin olması mümkündür. Ümumilikdə isə xəritələr həqiqəti əks etdirir. Əks halda, Ağdam ərazisindəki xəritələr təqdim edildikdən sonra mütəxəssislər rəy bildirərdilər.
- Xəritələrin verilməsi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Burada bir məqam var, Ermənistan rəhbərliyi daha öncədən bildirmişdi ki, mina xəritələrini Rusiyaya təqdim edib. Belə olan halda, Rusiya niyə xəritələri Azərbaycana vermirdi?
- Əvvəlcədən xatırlatdım ki, Ermənistan ciddi dövlət deyil. Ona görə də ziddiyyətli bəyanatlar verirlər. Ermənistan hakimiyyətində təmsil olunanların bəziləri deyirlər ki, mina xəritələrini daha öncədən Rusiyaya təqdim ediblər, bəziləri bildirirlər ki, Azərbaycana təqdim olunan xəritələr tam deyil, əsas hissə verilməyib. Bu bir daha göstərir ki, Ermənistan elementar məsələlərdə belə, müstəqil siyasət yürütmət iqtidarında deyil...
- Azərbaycan məhkəməsi 2020-ci ilin 10 noyabr bəyanatından sonra ölkə ərazisinə keçən silahlı ermənilərə yüngül cəzalar verdi. Bu, təbii ki, humanist addımdır. Üstəlik mina xəritələri təqdim edildikdən sonra Azərbaycan tərəfi 15 ermənini geri qaytardı. Ermənistan Azərbaycanın bu jestinə adekvat addım atacaqmı?
- Saxlanılan erməni diversantları ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərar ədalətlidir. Onlar ağır cəzaya məhkum olunmadılar. Kifayət qədər istintaq araşdırmaları həyata keçirilib, yüngül cəza tətbiq edilən şəxslərin Azərbaycan xalqı əleyhinə hər hansı cinayətdə iştirakı təsdiq olunmayıb. Azərbaycan humanist addım ataraq saxlanılanların bəzilərini geri qaytardı. Bu, düzgün addımdır, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunub. Amma saxlanılanlar arasında həm birinci, həm də ikinci Qarabağ müharibələrində iştirak edən, xüsusilə azərbaycanlı mülki əhaliyə qarşı ağır cinayətlər törədən, onları qanunsuz olaraq əsirlikdə saxlayan, qeyri-insani işgəncələr verən şəxslər də var. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq maksimum cəzalarını alacaqlar, mina xəritələri müqabilində geri qaytarılmaları mümkün görünmür. Əlbəttə, burada son söz ölkə Başçısınındır. Konstitusiyaya görə, əfv etmə hüququ ancaq Prezidentin səlahiyyətindədir. Məhkəmə prosesləri şəffəf və ədalətli keçirilir, beynəlxalq ictimaiyyət də bunu nəzarətdə saxlayır. Azərbaycan məhkəməsi qərar qəbul edərkən subyektivliyə yol verməyib, bunu dünya görür.
- Sizcə, Ermənistan sərhəddə niyə təxribatlar törədir? Azərbaycanın sülh mesajına cavabdır?
- Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, müsahibələri, bəyanatları Ermənistan tərəfindən çox ciddi şəkildə təhlil olunur. Bu da müəyyən nəticələrə səbəb olur. Nəzərə almaq lazımdır ki, Ermənistanda siyasi hakimiyyətdən əlavə, destruktiv qüvvələr də var. Orada keçirilən parlament seçkilərində keçmiş prezident Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku 21.9, keçmiş prezident Serj Sərkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəf duyuram” bloku 5,22 faiz səs toplayıb. Köçəryan və Sərkisyan erməni cəmiyyətinin revanşist, təxribatçı qüvvələrinə rəhbərlik edirlər. Kifayət qədər gücə malikdirlər. Siyasi təşkilatlar və onların kriminal liderləri müharibənin nəticələri ilə razılaşmadıqlarını ortaya qoyublar. Onlar müharibə çağırışları edirlər, Şuşanın və Hadrutun geri qaytarılacağı barədə bəyanatlar səsləndirirlər. Doğrudur, bu insanlar Ermənistanda çoxluq tərəfindən qəbul olunmadı, xalq müharibəyə səs vermədi. Ancaq bu destruktiv qüvvələr iki dövlət arasında nizamlanma prosesinə mane olacaqlar. Bunların olmaması üçün Ermənistanda yekdil siyasi hakimiyyət formalaşmalıdır, onlara qarşı amansız mübarizə aparılmalıdır. Paşinyan cinayətkar “Qarabağ klanı” ilə bağlı qəti addımlar atmalıdır. Bu addım atılmayacaqsa, Paşinyanın nə iqtisadi, nə siyasi nailiyyətindən danışmaq qeyri-mümkündür. Təhlükəsizlik missiyasını üzərinə götürmüş Rusiya 2020-ci ilin 10 noyabr bəyanatının tam icrasını təmin etməlidir. Ən önəmli məqam isə Qarabağ ərazisində qalan silahlı dəstələrin çıxarılmasıdır. Onlar tərk-silah olunmalıdır, alternativi yoxdur.
- Keçmiş məcburi köçkünlərin Qarabağa qaytarılması prosesi nə zaman başa çata bilər?
- Məcburi köçkünlərin Qarabağa qayıtması minaların təmizlənməsindən və quruculuq işlərinin sürətindən asılıdır. Biz mülki əhalini təhlükəli zonalara qaytara bilmərik. Hesab edirəm ki, proses mərhələli şəkildə davam edəcək və artıq başlayıb. İşğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır, dövlət strukturlarımız təmsil olunur. Ərazilərdə quruculuq işləri də sürətlə aparılır. Ermənilərin, gələcəkdə orada yaşaması isə, zamana bağlı məsələdir. Sirr deyil ki, Rusiya ermənilərin oraya qaytarılmasında kifayət qədər rol oynayır. Ermənilər o ərazilərə heç qayıtmaq istəmirdilər. Hazırda isə əsas məsələ böyük Sülh Müqaviləsinin imzlanmasıdır. Müqavilə imzalandıqdan sonra bu məsələlər daha da sürətləndiriləcək. Erməni xalqının xislətinə bələd olan biri kimi deyə bilərəm ki, gələcəkdə ermənilər Qarabağda yaşamağa maraqlı olmayacaqlar. Onlar seçim etməlidirlər, Qarabağda yaşayacaqlarsa, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, cəmiyyətimizə inteqrasiya olunmalıdırlar. Bunun əksi mümkün deyil. Xarici təsirlər altında yaşamağa davam edəcəklərsə, ideologiyalarını inkişaf etdirəcəklərsə, onların perspektivi olmayacaq. Ermənilər bilirlər ki, Qarabağ onların deyil, ona görə də heç vaxt orada xoşbəxt ola bilməzlər.
- Elə iyulun 7-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonların sayı 11-dən 14-ə çatdırılıb. Bu, gələcək üçün nə vəd edir?
- Yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatını gücləndirməsi baxımından olduqca zəruridir. Bu, müvafiq regionların sosial vəziyyətinin yaxşılaşdırılmasına da xidmət edəcək. İqtisadi rayonların 14-ə çatdırılması düzgün aparılan siyasətin nəticəsidir. Xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yeni reallıqla əlaqədar yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində yeni iqtisadi zona yaranıb. İstər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı üçün artıq yeni meydan var. Azərbaycan dövləti də işğaldan azad edilmiş torpaqların iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atır, müxtəlif infrastruktur layihələri həyata keçirilir, ərazilərin təbii sərvətləri nəzərə alınmaqla, sənaye parkları yaradılır, aqrar sənaye inkişaf etdirilir. Bütün bunlar hamısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını şərtləndirən amillərdir. Ümumiyyətlə, Qarabağ torpaqları kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit şəraitə malikdir. Münbit su ehtiyatı ilə zəngin olması həm sənayenin, həm də kənd təsərrüfatının inkişafına töhfə verəcək. Beləliklə, yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatını gücləndirəcək. Yəni, bu, vaxtında verilmiş qərardır və düzgün aparılan siyasətin nəticəsidir. Yaxın gələcəkdə bu qərarın müsbət nəticələrinin şahidi olacağıq”.
- Nəsib müəllim, Ermənistana gediş-gəlişi təsəvvür edirsinizmi?
- Çox rahat təsəvvür edirəm. Böyük Sülh Müqaviləsi imzalanacaqsa, iqtisadi münasibətlər avtomatik bərpa olunacaq. İqtisadi münasibətlər insani münasibətləri şərtləndirəcək. Vətəndaşların gediş-gəlişi ilk vaxtlar çox ciddi nəzarət altında olacaq. Dövlətlər təhlükəsizliyə təminat verəcəklər. Hesab edirəm ki, dövlətlər intriqadan daha çox yaxınlaşma siyasəti aparacaqlar. Əsrlərlə birgə yaşamışıq, normal münasibətlərin qurulmasına məhkumuq. Tale belə gətirib ki, biz belə yaramaz qonşularla yaşamalı olmuşuq. Zaman bütün yaraları sağaldır, müəyyən dövr keçdikdən sonra iqtisadi, mədəni münasibətlər formalaşacaq. Birdən-birə psixoloji sindromu qırmaq çətindir... Azərbaycan tərəfindən çox güclü iradə var. Ermənilər tərəfindən isə bunu o qədər də görmürük: İnformasiya müharibəsi davam edir, Azərbaycanın əleyhinə olan təbliğat bir dəqiqə də olsun, səngimir. Bütün bunlar münasibətlərə, nizamlanma prosesinə maneə törədir. Ermənilərdən daha çox iradə tələb olunur.
- ATƏT-in Minsk Qrupunun hazırki fəaliyyətini necə qiymətləndirirsiniz?
- ATƏT-in Minsk Qrupu heç bir ciddi fəaliyyətlə gözə dəymir. Ağdamdan sonra da Füzuli və Zəngilanda basdırılan mina xəritələrinin təhvil verilməsi və bunun müqabilində diversantların geri qaytarılması prosesində ayrı-ayrılıqda iki bəyanat verdilər. Bu, “biz də varıq” deməkdir. ATƏT-in Minsk Qrupundan imtinanın tərəfdarıyam. Başa düşürəm, dünyanın üç böyük dövlətinə qarşı çıxmaq çətindir. Amma onları tam inkar etməməklə imitasiya xarakterli iş apara bilərik. Necə ki, ermənilər 30 il imitasiya ilə məşğul oldular... Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı çox ciddi və kəskin mövqe ortaya qoymalıyıq. Başa düşməlidirlər ki, Ermənistan torpaqları danışıqlar masası arxasında qaytarmadı, biz vuruşaraq, itkilər verərək döyüş meydanında qalib gələrək torpaqlarımızı işğaldan azad etdik. Bölgədə yeni reallıq yaranıb.
- Nəsib müəllim, Ermənistanın Tovuz istiqamətindəki təxribatından 1 il ötür. Bir il ərzində baş verənləri ümumi şərh edərdiniz...
- Ermənilərin Tovuz təxribatı milli birliyin yaranmasında mühüm rol oynadı. Ötən il ermənilər Azərbaycan sərhədini pozmağa cəhd göstərdi, qüdrətli ordumuz onları geri oturtdu. Tovuz hadisələrini şərh edərkən Paşinyan müsahibəsində deyirdi ki, guya Azərbaycan Ordusu UAZ markalı maşınla hücuma keçib. Təsəvvür edirsiniz, nə dərəcədə qeyri-ciddi arqument səsləndirir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa versin. Tovuz hadisələri Vətən müharibəsini qaçılmaz etdi. Bundan əlavə, Nikol Paşinyanın Şuşada yallı getməsi, “Qarabağ Ermənistandır” deməsi Azərbaycan xalqını qəzəbləndirmişdi. Nəhayət xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, qəhrəman igidlərimiz döyüşə atıldı. “Dəmir yumruq” əks-hücum əməliyyatı ilə düşmənin ordusu məhv edildi, torpaqlarımız işağldan azad olundu, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənilər bilməlidirlər ki, “dəmir yumruq” yerindədir, revanşist addımlar atacaqlarsa, cavablarını alacaqlar.
Kənan Mirzəyev