Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraqbu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.