İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə İğdır vilayətinin Ağaver kəndinin ərazisindən keçən Araz çayının sahilində Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət komitəsindən verilən məlumata görə, aksiya zamanı Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran bir qrup dərnək üzvü və yerli sakinlər səhmlərinin böyük hissəsinin Almaniyanın “Cronimet” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının Oxçuçaya qarşı törətdiyi ekoloji terrora sərt etirazlarını bildiriblər. Oxçuçayın Araz çayına töküldüyünü xatırladan aksiya iştirakçıları qeyd ediblər ki, İğdır vilayətinin ekoloji durumu da təhlükə altındadır. Çünki Oxçuçayın zərərli tullantılarla çirkləndirilməsi Araz çayının da çirkləndirilməsi deməkdir. Araz çayı isə İğdır düzünün qan damarıdır.