"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bütün Qarabağ regionu Azərbaycan iqtisadi mexanizminə qoşulur. Hesab edirəm ki, bu, post-müharibə dövründə aparılan ən ciddi islahatdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının əhəmiyyəti ondan ibarətdir ki, biz Qarabağ iqtisadiyyatını Azərbaycan iqtisadiyyatına artıq inteqrasiya edirik: "Həmin iqtisadi rayonların inkişafı üçün ilk növbədə minatəmizləmə əməliyyatı həyata keçirilməli, paralel olaraq da infrastruktur layihələri - evlərin tikilməsi, iş yerlərinin açılması və s. reallaşdırılmalıdır. Sonrakı mərhələdə isə vətəndaşların Qarabağa hissə-hissə köçürülməsinə başlamaq lazımdır. Bildiyimiz kimi, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var ki, indi artıq həmin vətəndaşların torpaqları işğaldan azad edilib. Sadəcə, Qarabağa böyük köçün reallaşması üçün vaxt lazımdır. Sonuncu mərhələdə isə Prezidentin xüsusi proqramı olan "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı təsərrüfat" layihələri həyata keçiriləcək. Ümumiyyətlə, bu iqtisadi rayonların yaradılması ilə bütün Qarabağ regionu Azərbaycan iqtisadi mexanizminə qoşulur".
Nəzrin Cavid