Dünya üzrə koronavirusa yoluxma sayı artıb, yazını hazırladığımız zaman bu say 187 642 740 nəfər təşkil edirdi. Virusdan ölənlərin sayı 4 049 289, sağalanların sayı isə 171 597 756 nəfər olub. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (34 732 753 nəfər), Hindistan (30 874 376 nəfər), Braziliya (19 089 940 nəfər), Fransa (5 812 639 nəfər) və Rusiyadır (5 783 333 nəfər).
Azərbaycanda da koronavirusa yoluxan 337 254 nəfərin 4 984-ü ölüb, 330 762 xəstə sağalıb. Son statistikaya əsasən infeksiyaya 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. Göründüyü kimi, son günlər yoluxma sayı iki rəqəmlidən üç rəqəmliyə keçib. Bizdə də yoluxma artan temp üzrə gedirmi? Bu gedişat təkrar qapanmaya səbəb ola bilərmi? Bəzi ölkələr artıq yenidən sərt karantin rejimini tətbiq edib.
Yeri gəlmişkən, Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov bildirib ki, daha çox törəmə qabiliyyətli virus variantlarının ortaya çıxması istisna edilmir: “Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır”.
Professor qeyd edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə fərziyyələr ortadan qaldırılmalıdır: “COVİD-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVİD-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev son epidemioloji vəziyyətlə bağlı “Yeni Müsavat”a danışıb: “Hansı ölkədə ”Delta" ştammı yayılıbsa, orada qapanmalara gedilir. Çünki onun yoluxma sürəti daha çoxdur. Bizdə “Delta” ştammının olub-olmamasını yoxlamaq üçün genetik analiz lazımdır. Bu da yalnız Hematologiya İnstitutunda mümkündür, indi hazırda orada yoxlama işləri gedir. Biz hələ dəqiq bilmirik ki, bizdə bu ştammla bağlı vəziyyət nə yerdədir. Buna görə gözləyirik, yoluxma sayı ilə bağlı rəqəmlərə diqqət edirik. Toylar da yeni başlayıb, növbəti mərhələdə biləcəyik, yoluxmanın sayında artım olacaq, ya yox. Təbii ki, sürətli artım olarsa, karantin qaydalarının sərtləşdirilməsinə gedilə bilər. Amma hazırkı rəqəmlərlə olmayacaq. Üzü payıza doğru qapanmalara gedilə bilər. Çünki payız fəsli yoluxmanın artmasına əlverişli şərait yaradır".
Bununla belə, infeksionist hesab edir ki, əvvəlki kimi sərt karantin qaydaları tətbiq edilməyəcək: “Buna ehtiyac da görmürəm. Bizdə birinci, ikinci dalğada olduğu kimi sərt qaydalar olmayacaq. Ola da bilməz. Çünki burada həm vaksinasiya öz işini görür, həm də yoluxub sağalanlar var. Təbii immunizasiya baş verib. Əhalinin böyük hissəsi də yoluxub, sağalıb. Burada söhbət həm rəsmi, həm də qeyri-rəsmi yoluxmalardan gedir. İnsanların bir qismi yoluxub sağalıb, bir qismi də peyvənd olunub. Çox az bir qismi qalıb ki, peyvənd olunmayıb və yoluxmayıb. Yoluxmalar əsasən bu insanların hesabına olacaq. Həmin əhali hissəsinin sayı az olduğu üçün epidemioloji vəziyyət əvvəlki kimi olmayacaq, qapanmalar da əvvəlki kimi olmayacaq. Yenə də maska taxmaq, sosial məsafə saxlamaq, fərdi gigiyena qaydalarına riayət etmək yenə də tələb olunacaq. Əgər artmaların sayı çox olarsa, payızda metronun bağlanması gözlənilə bilər. İctimai nəqliyyat yenə həftə sonları bağlana bilər. Amma həftəiçi də avtobusların sayı artırılmalıdır və maskalardan istifadəyə nəzarət olunmalıdır ki, yoluxma sayında artmaya səbəb olmasın. Toylara da müəyyən qədər məhdudiyyət qoyula bilər. Məsələn, 50 nəfərdən ibarət mərasimə icazə verilə bilər”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev COVİD-lə bağlı son elmi yeniliklər barədə məlumat verib: “Norveçdə Long COVİD ilə bağlı yeni tədqiqat dərc edilib. Tədqiqatda gənc yaşda virusa yoluxub xəstəxanaya yerləşdirilməyə ehtiyac olmayan şəxslərdə xəstəlikdən 6 ay sonra: 28%-i iybilmənin itməsindən, 21%-i xroniki yorğunluqdan, 13%-i təngnəfəslikdən, 13%-diqqət pozğunluğundan və 11%-i isə yaddaş pozğunluğundan əziyyət çəkib.