Bizdə yalan yoxdur, feyk seçici, daşınma adamlar yoxdur!
Binəqədidən, bəzi mafiyalardan, dairəyə aidiyyatı olmayan yataqxanalaradan muzdlu "seçici" toplamırıq, partiyalı və ştatlı əl çalanlar gəzdirmirik. Problem və qayğı içində olan seçiciləri binalarının önünə dəvət edib, onlarla sakit və səmimi söhbət aparırıq. Adamlar hansı gününə əl çalsın ki... Məni o zaman alqışlayırlar ki, ürəklərinə su səpirəm, hansısa məsələlərini saytlarda, Youtubedə aktuallaşdırıram. Qaldırdığımız problemlər həll olunur...
Qərargahımıza hər gün onlarla seçici gəlir, problemi, dərdi, düşüncəsi ilə. Dinləyirik, məsələləri gündəmə çıxardırıq, səmimi münasibət qururuq, dostlaşırıq. Mənimlə yeni görüş yerlərinə gedənlər belə mənim qərargahıma könüllü daxil olan seçicilərimdir! Bir zamanlar şikayətə gəlmişdilər, iki-üç günə aktiv təbliğatçılarım oldular. Onlar mənim yalnız sözümə deyil, qələbəmə də inananlardır! Onlar artıq əmindirlər ki, biz 5 il bərabər olacağıq. Onlar indidən gələcək deputatları ilə təmas qurduqlarının, birgə fəaliyyət göstərdiklərinin fərqindədirlər. Və bunun fərqində olanlar hər gün sürətlə çoxalır! Bu həftənin sonunda biz bütün dairədə bu fikrin hakim olacağını görəcəyik!
Cəmi bir dəfə nümayiş xarakterli açıq hava görüşü həyata keçirtdik. 26 yanvar, 2020 tarixində. Heç çəkinmədən, Feysbuk və mətbuat üzərindən dostlarıma müraciət etdim. Gəlin, iştirak edin, Xətai seçiciləri görsünlər ki, məni seçməklə, necə böyük bir dost çevrəsi qazanacaqlar! Sağ olsunlar, çoxlu dostlarım çağırışımı qəbul etdilər. Kimisi ailəsi ilə, kimisi çevrəsi ilə bu tədbirə qatıldı. 265 saylı məktəbin stadionu seçki tarixində görünməyən bir izdihama səhnə oldu. Təvazökar hesablamalara görə, meydanda 2000-dən yuxarı, ya da o civarda insan vardı. Təbii ki, onların hamısı 35 saylı Xətai 3-cü seçki dairəsindən olan seçicilər deyildi! Bunu dəfələrlə yazdıq, dedik. Amma gələnlərin hamısı SEÇİCİ idi!
Azərbaycan seçicisi! Deputatı bir dairənin seçiciləri seçər, amma o, bütün Azərbaycanın millət vəkili olar! Qanunvericiliyimizdə də belədir! 125 deputatın hər biri bütün Azərbaycanı təmsil edər. Bu baxımdan, oraya mənim və vəkillərimin çağırışı ilə şəhərin müxtəlif yerlırindən gələn vətəndaşlarımız da düz ünvana gəlmişdilər! Doğru etmişdilər! Seçim etmişdilər! Vətəndaşlar nə etsinlər ki, seçki kampaniyası hələlik bir dairədə qızğın və maraqlı gedir. O da, təvazökarlıqdan uzaq da olsa, deyəcəm, mənim sayəmdədir.
Mən bu dairəyə deyil, başqa dairəyə getsəydim, aşağı-yuxarı, yenə də belə olacaqdı! İndi hamının gözü, qulağı onsuz da bu dairədədir. Düz də edirlər, diqqətlə izləyir, bəzən də münasibət bildirirlər. Necə olur ki, azərbaycanlılar İstanbuldakı bələdiyyə seçkisi ilə, onun gedişatı ilə maraqlanır, oraya odaqlanır, amma Bakıda, Xətaidə gedən gerçək seçki yarışına həvəs göstərəndə, bu, yolverilməz olur? Bizə hər gün qərargahımıza da dairədən olmayan vətəndaşlarımız gəlirlər. Eyni proses yəqin ki, mənim əsas rəqibimin qərargahında da baş verir.
Biz kimsəyi qaralamırıq. Rəqibimizin haqqında yazırıqsa, konkret əməllərindən yazırıq. Qusarlı Rauf Abbasov əməliyyatından, bunun bir siyasi liderə yaraşmamasından, bu addımın Xətai seçicilərinə hörmətsizlik olmasından, bunu etməyin ayıb sayılmasından açıq şəkildə, ünvanlı bəhs edirik. Kimsənin tədbirinə təxribatçı göndərib, ona qarşı tərbiyəsizlik etmirik. Yalançı namizədlərlə əsas rəqibimizə qarşı hücum və təhqir kampaniyası aparmırıq. Tənqid ediriksə, faktoloji tənqid edirik! Buna da məcbur qalanda.
"Qara piar'' seçki kampaniyasının əsas elementidir. Bunsuz seçki olmaz, dünyanın hər yerində, harada seçki keçirilirsə, orada bu element vardır. Hətta ABŞ prezidentinə qarşı da bu proses bütün şiddəti ilə müşahidə olunub. O baxımdan, şəxsimə qarşı aparılan və sabiq dostum tərəfindən idarə olunan "qara piar''a da dözümlü yanaşıram, şəxsi alqılamıram. Üstəlik, bilirəm ki, belə bir proses bahalı işdir, bunu da o adama qarşı aparırlar ki, həmin rəqib səndən daha güclüdür. Ehtiyac yaranır ki, o gücü "qara piar"la ya azltsınlar, ya da sıfırlasınlar. İndi mənim əsas rəqibim özünün seçki kampaniyası ilə bərabər, mənim apardığım kampaniyanı da gözdən salmaq üçün ən yolverilməz, ən çirkli, ən aşağı texnologiyalardan istifadə edir. Məqsəd mənim ondan üstün olan gücümü kiçiltmək, zədələməkdir.
Biz hələ ki, belə bir çirkli texnologiyaya bulaşmadıq. İnşallah, bulaşmayacağıq da. (Mən həm də bunu o Adama qarşı qıymaram. Səbəbləri məndə qalsın...). Lakin üstümüzə atılan çirkləri də çırpmaq zorundayıq...