Bərdədə yaşayan şəhid anası Əhmədova Sütun Sərxan qızı fırıldağın və dələduzluğun qurbanı olub. Bu barədə o, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə bildirib.
Şəhid anası ünvanladığı müraciətdə qeyd edib ki, 18 iyun 2010-cu il tarixdə “Ulduz-S” MMC-nin direktoru Elçin Babayevlə alqı-satqı müqaviləsi imzalayıb.
Müqavilə əsasında paytaxtın Yeni Yasamal massivində ümumi sahəsi 88 kvadratmetr olan ikiotaqlı mənzil alıb.
“Mənzilin qiyməti 33 200 manat idi. Mən ilkin ödəniş olaraq 4000 manat ödəmişəm. Bundan sonra 2010-2012-ci illər ərzində Elçin Babayevə 22 944 manat ödəniş etmişəm. 7000 manatdan bir qədər çox borcum qalmışdı ki, binanın tikintisi dayandı”, - Sütun Əhmədova bildirib.
Onun sözlərinə görə, binada tikintinin dayandırılması maliyyə çatışmazlığı ilə izah edilib. Bununla belə, şəhid anası ödənişlərini davam etdirib və Elçin Babayevə 3000 manat verib:
“Artıq təxminən 4000 manat borcum qalmışdı. Şirkətin vəkilləri “yox”a çıxdı. Elçin Babayev isə mütxəlif bəhanələrlə binanı təhvil verməkdən imtina edirdi. Sonradan mənə məlum oldu ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Elçin Babayev barəsində cinayət işi başlanıb”.
Şəhid anasının sözlərinə görə, Elçin Babayevin həbsindən sonra istintaq orqanı onu “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnati İsfəndiyar Axundova yönəldiblər.