Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.
Pravda.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.
Sonuncu prosesin nəticəsinə görə, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını, onun özünü ifadə etmək bacarığını müəyyənləşdirmək üçün o, tibbi ekspertizadan keçiriləcəkdi. Məhkəmənin qəbul etdiyi bu qərar olduqca gözlənilməz qərar olmuşdu və hər kəs işin gedişatının ciddi şəkildə dəyişəcəyini gözləyirdi. Amma dəyişən heç nə olmadı.
Bu gün baş tutan prosesdə ekspertizanın rəyi açıqlanıb. Rəydə yazılıb ki, sabiq icra başçısı hadisələri tam qavraya bilmir, məhkəmədə iştirak etməsi onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər və s.
Hakim bununla kifayətlənib məhkəmə araşdırmalarını yekunlaşdıranda təqsirləndirilən şəxslər də, vəkillər də etiraz ediblər. Onların sözlərinə görə, məhkəmə istintaqı təzələnəndə ümidləri yaranıb, düşünüblər ki, məhkəmə nəhayət, bu işlə bağlı ətraflı, obyektiv araşdırma aparmaq qərarına gəlib.