"Mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiz şikayət edin!". Bu sözlərin müəllifi Azərbaycanda adı müxtəlif qalmaqallarda, maliyyə maxinasiyalarında hallanan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri, "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundovdur.
O, öhdəsinə götürdüyü tikinti layihəsindən mənzil verməli olduğu Bakı sakini Məmmədova Aliyə Mirzə qızından 5 min manat əlavə ödəniş tələb edib. Görünür, qazandığı nəhayətsiz sərvət tikinti maqnatının gözünü elə örtüb ki, bu yersiz ifadələri kimə ünvanladığının fərqinə varmayıb. Bu haqda bir qədər sonra... Şikayətçi "AzPolitika.info"-ya yazır ki, 2009-cu ildə Yasamal rayonunda yeni tikilən binadan sahəsi 62 kv.m. olan mənzil üçün “Mur-ay“ MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlu ilə müqavilə bağlayaraq, ona 24 min manat verib.
Sonradan məlum olub ki, bu şirkətin rəhbərliyi bir mənzili bir neçə nəfərə sataraq cinayət törədiblər:
"Doğrudur, onlar 14 fevral 2011-ci il tarixdə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək öz layiqli cəzalarını alıblar. Bundan sonra dövlət qurumları tərəfindən bu işdə bütün zərərçəkənlərin mənzillərlə təmin edilməsi məsələsi “Şərur” MTK-ya həvalə edilib. Bu MTK-nın rəhbəri isə bizimlə görüşdə Əhmədli qəsəbəsində bünövrəsi təzə qazılan binadan veriləcək mənzilə görə əlavə 5 min manat tələb etdi. Onun bizə “mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiniz şikayət edin”deməsini ailəmizə qarşı təhqir kimi qəbul edirəm. “Şərurlu İsfəndiyara” bildirmək istəyirəm ki, “Dövlətə , Vətənə ləyaqətlə qulluq etmək, yaşadığın cəmiyyətdə layiqli və səxavətli, xeyirxah insan olmaq hər bir şəxsə nəsib olmur!”