1995-ci ilin mart hadisələrindən sonra Tofiq Qasımovun həbsinə hazırlıq getdiyi artıq heç kəsdə şübhə yaratmırdı. Tutulmamışdan bir gün əvvəl mətbuat konfransı keçirdi və ona qarşı aparılan mənfur kampaniyanı ifşa etdi. Həmin konfransdan sonra redaksiyaya gəlmişdi. Ona bizə getməyi, ən azı bu gecə evdə qalmamağı təklif etdim. Təəccübləndi.Dedim bu gecə sizi tutacaqlar. Ölkədəki və beynəlxalq aləmdəki nüfuzuna görə, həm də hər hansı suçu olmadığına tam əmin olduğuna görə onu həbs edə biləcəklərinə inanmırdı. Həmin günün səhəri sübh tezdən onu evindən həbs edib aparmışdılar. 5 ay MTN-nin tədricxanasında təkadamlıq kamerada qaldıqdan sonra yarımcan vəziyyətdə gecə evinə gətirmişdilər. Deyirdi ki, həbsxanada sənin məsləhətinə qulaq asmadığım üçün özümü çox danladım.Guya həmin gün tutmasaydılar,sonra tutmayacaqdılar…
Tofiq Qasımovun həbsdən buraxılması üçün rəhmətlik Vaqif Səmədoğlu ilə birlikdə çox qapılar döyməli olduq. İstisnasız olaraq hamı onun azad olunmasını istəyirdi, müstəntiqindən tutmuş baş prokurora qədər. Hamı da onun kristal təmiz adam olduğunu, cinayət işinin isə “ağ saplarla tikildiyini” yaxşı bilirdi. Ali məhkəmədə onun ictimai vəkili idim. Məndən başqa 4 vəkil də vardı. 20 gün ərzində hər gün səhərdən axşama qədər Ali Məhkəmənin binasına (indiki Ağır cinayətlər məhkəməsi) gedərək onun cinayət işinin materiallarını tam öyrəndim.O vaxt keçmiş nazirlərə dalbadal ölüm hökmü çıxaran hakim Nəriman Hüseynova demişdim ki, mən heç vaxt heç bir vəd vermirəm, amma indi deyirəm ki,Tofiq Qasımov bir də həbsxanada oturmayacaq. Proses başlayanda bir saat ərzində iş üzrə qaldırdığım vəsatətləri oxudum. Bunlar vəsatətdən daha çox işi aparan istintaq orqanına qarşı ittiham aktı idi. İş üzrə icraar dayandırıldı və ekspertiza təyin olundu. Həmin iş üzrə icraata bildiyim qədər hələ də xitam verilməyib.