Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev müdafiə nazirinin müavini kimi ictimaiyyətə tanışdır. Lakin onun keçdiyi hərb yolu cəmiyyətdə maraq doğurur.
Pravda.az xəbər verir ki, bu vəzifədən öncə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini vəzifələrini icra edən general-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.
O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.