“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə, qazilərə verilməsi təklifinə və bu haqda sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib. Modern.az-a açıqlama verən Sevinc Orucova deyib ki, şəhid mövzusu həssas olduğundan bu barədə təklif irəli sürərkən, fikir bildirərkən diqqətli olmaq, dərin düşünmək lazımdır:
“Şəhid adına təklif edəndə, şəhid ailəsi üçün nə isə etmək istəyəndə dərin düşünməlidirlər ki, kimdən nəyi alıb, kimə bəxş edirik. Müzakirə başlayan ilk gündən bildirdim ki, şəhid ailələrinə, qazilərə belə yanaşmayın. Bu nə bizim, nə də sizin haqqınızdır. Həssas təbəqəyə aid olan ailələrə xüsusi diqqət olmalıdır, sözsüz. Amma kiminsə payından kəsərək, şəhid ailəsinə vermək, məncə, düzgün deyil. Hələ dekabr ayının əvvəlində Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər şəhid ailələrinə ayrıldı. Bakıda belə evlər kifayət qədərdir. Bakıda ayrılan evlər yalnız paytaxt qeydiyyatında yaşayan şəxslər üçün nəzərdə tutula bilər”.