Bir neçə gün əvvəl bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid ailələrinə verilməsi ilə bağlı prezidentə müraciət ünvanladı. Bu xəbər yayılan andan etibarən birmənalı qarşılanmadı. Hətta belə demək mümkündürsə, jurnalistlər iki cəbhəyə bölündü, ciddi ittihamlar səsləndirildi. Hər iki tərəfin öz arqumentləri var. Bu arqumentlərə birgə nəzər salaq.
Jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid ailələrinə verilməsi ilə bağlı edilən müraciət ciddi rezonans doğurdu. Bu müraciəti ölkə rəhbərliyinə ümumilikdə 38 media nümayəndəsi və QHT rəhbəri edib. Bu xəbər yayılan kimi jurnalistlər iki cəbhəyə bölündü və narazı olanlar buna kəskin etirazlarını bildirdilər. Hətta bir-birlərinə qarşı ciddi iddihamlar səsləndirənlər də oldu.
Müraciət edən 38 nəfərlik siyahıda adı olanlardan biri də Əməkdar jurnalist Qulu Məhərrəmlidir. O, hesab edir ki, ümumiyyətlə jurnalistlərin dövlətdən ev alması ilə bağlı yaranan təcrübə yanlışdır. Vaxtilə belə bir qərarın qəbul edilməsi və bunun müntəzəm hala salınması doğru deyildi. Qulu Məhərrəmli bildirir ki, jurnalistlər xüsusi bir kateqoriya kimi həkim, müəllim, mühəndis və digər sənət sahiblərindən fərqləndirilməməlidir.
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev də müraciəti imzalayanlar arasındadır. Arif Əliyev bildirir ki, hələ ilk binanın mənzilləri jurnalistlərə verilərkən o, buna etirazını bildirib. Qeyd edir ki, ev hədiyyə edilməsi jurnalistlərin peşə prinsiplərinə ziddir. Belə bir təcrübə jurnalistlər arasında ciddi problemlərə və qarşıdurmalara səbəb olur, hətta mediada korrupsiya riskini də artırır. Onun fikrincə, jurnalistlərə ev paylamaqdansa, medianın iqtisadi dayaqlarını bərpa etmək və reklam imkanlarını artırmaq lazımdır