Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.
Pravda.az-ın məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, artıq ölkədə 4 milyondan çox adam vaksin olunub. Artıq 1 sentyabrdan etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən istifadəyə veriləcək mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını yoxlaya biləcək.
F Cəfərov qeyd edib ki, hər hansı şəxsin üzərində COVİD pasportu olmasa, FİN nömrəsi ilə onun COVİD pasportu olub-olmadığını yoxlamaq mümkün olacaq. Əgər həmin şəxsin vaksin sertifikatı yoxdursa, dərhal xəbərdarlıq çıxır və o, Nazirlər Kabinetinin qeyd etdiyi məkanlara buraxılmayacaq. Vətəndaşlar COVİD-19 sertifikatlarını “myGov.az” elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər. Mobil tətbiqetmə qurumlar, təşkilatlar üçün nəzərdə tutulub.