BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Narazı müəllimlərin nəzərinə

"Bu günədək 60 000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40 000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları iyulun 5-dən etibarən həyata keçirilir. Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib".

 

Pravda.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

 

Onun sözlərinə görə, təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib: "Elmi-statistik təhlillər göstərib ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir".

 

R.Əzizov deyib ki, sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur: "Bəzi fənlər üzrə, məsələn, riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb. Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir. Bütün qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, imtahanlar ləğv olunmur, yalnız 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər".

 

Tarix: 27 İyul 2021, 20:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin