Yanvarın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Tsereteli ilə görüşüb.
Milli Məclisin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, sədr bu səfər çərçivəsində keçiriləcək görüşlərin ölkəmizlə ATƏT PA arasında münasibətlərin inkişafına dəyərli töhfəsini verəcəyini deyib. Qeyd edilib ki, Georgi Tseretelinin ATƏT PA-ya sədrliyi dövründə müstəqil Azərbaycanla bu qurum arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxıb.
“Qonağın ədalətli mövqeyi, proseslərə obyektiv baxışı sayəsində təşkilatın qurumları ilə əlaqələrimiz normal məcrada inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qurumda qaldırılmış təşəbbüslər Parlament Assambleyasında dəstəklənib. Biz gələcəkdə də qurumda fəaliyyətimizi bu istiqamətdə davam etdirmək niyyətindəyik”, - deyə görüşdə bildirilib.
Qonağın növbədənkənar parlament seçkiləri ərəfəsində ölkəmizə səfər etdiyini vurğulayan sədr qurum rəhbərliyinin ölkə əhəmiyyətli bu prosesə diqqətini yüksək qiymətləndirib. Bildirilib ki, ATƏT PA-nın xətti ilə qarşıdakı növbədənkənar parlament seçkilərini 70-dən çox müşahidəçi izləyəcək. Ümumiyyətlə, qarşıdakı seçkiləri izləmək üçün 50 mindən artıq müşahidəçi qeydiyyata alınıb. Onlardan 429-u beynəlxalq müşahidəçidir.
Spiker deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki praktikası və qanunvericilik təkmilləşdirilib: “Əminik ki, 9 fevral seçkilərində seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edərək seçdikləri namizədə səs verəcəklər”.