Bu gün, Ailə Məcəlləsinin 32-ci və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı dərc edilib.
Pravda.az-ın məlumatına görə, qərarda müəyyən edilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.