Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə geri dönüb. O, bundan sonra Fövqaladə Hallar Nazirliyində çalışacaq. Burada işləmək onun uşaqlıq arzusudur.
- Vüsala digər nazirliklərdən iş təklifi gəlsə də, oğlum FHN-də işləməyi seçdi,- İslam Şahkərimov oğlunun yeni işindən danışarkən deyib. - Oğlum hələ hərbi xidmətdə olanda ona iş təklifi etmişdilər. Mən evimizə gələn nazirlik işçilərinə Vüsalı gözlədiyimizi və onun seçim edəcəyini bildirdim. Sağ olsunlar, oğlum geri dönəndən sonra da iş təklifini qüvvədə saxladılar.
Vüsal iki dəfə Bakıya gəlib, general-mayor Hikmət Abbasov onu qəbul edib. Yaxın zamanda işə qəbulu ilə bağlı əmri çıxacaq. Bu yaxınlarda nazir Kamaləddin Heydərovun da onunla görüşəcəyi gözlənilir.