Çinin Pançjihua şəhər rəhbərliyi ölkədə ilk olaraq, ailədəki ikinci və üçüncü uşağa görə subsidiya verilməsinə başlayıb.
Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Məlumata əsasən, subsidiya üç yaşadək olan körpələrə şamil edilir. Qərara görə, ailədə hər ikinci və üçüncü uşağa 500 yuan (131 manat) aylıq yardım veriləcək. Bununla yanaşı, uşağın dünyaya gəlişinədək onun anası hamilə qadınlar üçün olan bütün xidmətlərdən pulsuz istifadə edə biləcək. Sözügedən yeniliklərin tətbiq edilməsinin özəlliyi isə Çində doğumun kəskin azalması ilə bağlıdır. Yaxın zamanda təbii artımın stimullaşdırılması üzrə müvafiq tədbirlərin bütün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.
Azərbaycanda da təbii artım keçən illə müqayisədə xeyli aşağı düşüb, rəqəmlərində kəskin fərq var. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatında 2021-ci ilin ilk iki ayı ərzində Azərbaycanda 20 min 984 körpə doğumu qeydə alındığı bildirilir. Bu, əhalinin hər 1000 nəfərinə 13 nəfər təşkil edir. Ümumilikdə ilin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 416 nəfər azdır.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Pandemiyanın gəlməsilə toyların dayanmasının təbii artıma təsir etdiyi də danılmazdır. Belə olan halda Azərbaycanda "uşaqpulu" verilməsi yenidən gündəmdədir. Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin üzvü, deputat Fazil Mustafa danışıb. Deputat bildirib ki, Azərbaycanda təbii artımı stimullaşdırmaq lazımdır:
"Bununla bağlı xüsusi qərar qəbul etməyə ehtiyac yoxdur. Uşaqların cəmiyyətdə müəyyən dərəcədə dəstəklənməsinə ehtiyac var. Bunu "uşaqpulu"nun verilməsi formasında, yaxud da hansısa modeldə etmək olar. Çünki onların sağlamlığı ən vacib məsələlərdən biridir. Bu istiqamətdə nəsə etmək lazımdır. Ancaq belə məsələləri Çindəki kimi həll etməməliyik. Çünki uşaq artımı əhali artımı problemi yaradır. Bizim ölkədə isə əhali azlığı problemi var, işçi qüvvəsinə ehtiyac var. Həmçinin, müharibə aparmış dövlətik, itkilərimiz var. Bunlar, nəzərə alınmalıdır".