Xəbər verdiyimiz kimi, Bilgəh qəsəbə sakinləri Seymur Quliyev və Nurid Əliyev də daxil olmaqla ümumilikdə 35 vətəndaş iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Q.Salahzadənin yolda maneələr yaratdığını deyən vətəndaşlar həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülməsini xahiş etsələr də, bir neçə ildir ki, müraciətə cavab yoxdur.
Sözügedən əmlakın əsl sahibi Seymur Quliyevə və Qalib Salahzadənin oğlunun həyat yoldaşı Xatirə Salahzadəyə vaxtilə eyni mülkə aid çıxarış təqdim edilib. Məhkəmənin qərarı ilə, Xatirə Salahzadəyə məxsus çıxarışın qeyri-qanuni olduğu aydın olub. 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib.
Pravda.az-a məsələ ilə bağlı danışan Seymur Quliyevin sözlərinə görə, Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. Şahidlər Seymur Quliyevin dediklərini təsdiq edib.
Şikayətçi Seymur Quliyev məsələ ilə bağlı Xatirə Salahzadənin atası, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ilə 2018-ci ildə iki dəfə görüşməyə cəhd göstərsə də, görüş baş tutmayıb. O, cari ilin iyul ayında yenidən Allahşükür Paşazadə ilə görüşmək üçün cəhd edib. Əvvəlcə şikayətçini Şeyxin qəbul edəcəyi bildirilsə də, daha sonra QMİ-nin mətbuat xidmətinin əməkdaşı Etibar Cəbrayıloğlu qarşılayıb. E.Cəbrayıloğlu Seymur Quliyevin şikayətini dinləyib və sənədlərə baxaraq məsələni Şeyxə məruzə edəcəyini bildirib.